Kimdir və harada oxuyur
2x Academy
Aysun, özünü qısa təqdim et.
Mən Əliyeva Aysun. Bakı Biznes Universitetinin marketinq ixtisası üzrə üçüncü kurs tələbəsiyəm.
Eyni zamanda Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi adlı qeyri-hökumət təşkilatının üzvüyəm, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tələbə eksperti və universitet daxili əsas təşkilatlardan biri olan Tələbə Elmi Cəmiyyətinin fakültə sədriyəm. Akademik biliklərimlə yanaşı layihələrdə və məqalələrin yazılmasında da təcrübələrim olmuşdur. Şəxsi inkişafa daha çox önəm verən biriyəm.
İxtisas seçimi və Bakı Biznes Universiteti
2x Academy
Marketinq və bu universiteti niyə seçdin?
Abituriyent illərində 11 il ərzində bir məqsədimiz var idi — universitetə qəbul olmaq. Mən daha çox biznes, iqtisadiyyat yönümlü sahələrə maraq göstərirdim. Qəbul prosesində marketinq üzərinə müəyyən araşdırmalar apardım və düşündüm ki, bu ixtisasda uğurlar əldə edə biləcəm. Ona görə bu ixtisası seçdim.
Bakı Biznes Universitetini seçməkdə hal-hazırda heç bir narazıçılığım yoxdur. Universitet daha çox tələbəyönümlü təhsilə önəm verir, dərslər praktiki yönümdədir.
Dərslər və Boloniya sistemi
2x Academy
Dərslər ixtisasla nə dərəcədə bağlıdır?
Azərbaycan təhsil sistemi Boloniya sisteminə əsaslanır. Amerika, Çin, Kanada, Avstraliya kimi ölkələr öz tətbiq sistemlərinə malikdir. Boloniya sistemi yalnız müəllimin danışması deyil, tələbənin də aktiv iştirakını tələb edir.
Əksər universitetlərdə birinci və ikinci kurslarda demək olar ki, qeyri-ixtisas fənləri keçirilir. Azərbaycanda təhsil sistemi hardasa 100 baldan 25%-i tələbənin seçmə fən blokundan seçməsinə imkan verir. Biz də bu seçmə fən blokundan yararlanmışıq. İkinci kursun ikinci semestrindən artıq və üçüncü, dördüncü kurslarda öz ixtisas fənləri keçilir.
Düşünürəm ki, qeyri-ixtisas fənlər də keçilməlidir — müəyyən sahələrdə anlayışımız olması üçün düzgündür.
Birinci kurs uyğunlaşması
2x Academy
Birinci kurs çətin oldumu?
Adətən birinci kurslar hər bir tələbə üçün çətin olur, mənim üçün də ilk başlarda çətinlik çəkdiyim məqamlar oldu. Universitetə adaptasiya, qrup yoldaşlarımla adaptasiya məsələlərində çətinlik yaşadım. Amma yavaş-yavaş uyğunlaşdım. Tələbəlik mənim üçün şaxəlilik öyrədir — özüm üzərində işləmək, özümü formalaşdırmaq.
İmtahan sistemi: bilet və beş sual
2x Academy
İmtahanlar necə keçir?
Bizdə imtahanlar bilet formasında olur, beş sual üzərindəndir. İki nəzəri, üç praktiki sual düşür. Ali riyaziyyat kimi fənlərdə üç məsələ və iki nəzəri hissə olur.
Öz ixtisas fənlərimdə, məsələn istehlakçı davranışı, satışın həvəsləndirilməsi kimi fənlərdə də beş sual olur. Üçü keçdiyimiz alət və cədvəllərdən düşən praktiki tapşırıqlardır, ikisi nəzəri suallar.
İmtahanlar əzbərlənsə effektiv olmur. Daha diqqətli oxuyub, məntiqi yolla öyrənəndə nəticə yaxşıdır. Sadə, orta və çətin suallar olur. Oxuyan tələbə hər zaman keçir, oxumayan kəsilir.
Korpus və şərait
2x Academy
Dərslər hansı korpusda keçir?
Universitetimiz iki korpusdan ibarətdir — ön və arxa korpus. Dərslər əsasən ön korpusda (birinci korpusda) olur. İT sahəsində laboratoriyalar ikinci korpusda tədris olunur.
Şərait qənaətbəxşdir, müasir avadanlıqlardan istifadə olunur. Digər universitetlərdən fərqimiz tələbə iştirakının ön planda olması, davamiyyət, seminar və mühazirə ballarının elektron şəkildə qeyd edilməsidir. Əvvəllər ənənəvi kağız jurnallar idi, indi bizdə elektron versiyada yazılır. Şəraitlə bağlı narazılığımız yoxdur.
Təqaüd, ikili diplom və beynəlxalq layihələr
2x Academy
Universitet hansı imkanları verir?
Bizdə karyera mərkəzi çox effektiv çalışır. Universitetimiz ikili təqaüd proqramı çərçivəsində Avropa, Türkiyə, həmçinin Qazaxıstan və bir çox ölkələrlə əməkdaşlıq edir, bir semestrlik xaricdə təhsil imkanı verir. Portuqaliya, Estoniya və başqa ölkələrə yönləndirmə var.
Universitet bir çox beynəlxalq layihələrdə qalib olub. Bu yaxınlarda Azərsunun Brend Boom müsabiqəsində biz final mərhələsinə keçdik, 10 komandadan dördü Bakı Biznes Universitetinin tələbələridir. Məqsəd yeni məhsulun 360 dərəcə market yönümündə çıxarılması, satışı, qablaşdırılması prosesi idi.
Karyera mərkəzi il ərzində 100-dən çox şirkətlə əməkdaşlıq edir, müəyyən aylarda yarmarkalar qurulur, vakansiyalar və təcrübə proqramları elan olunur. Mən özüm karyera mərkəzinin məsləhəti ilə Yelo Bankda iki ay müddətində təcrübədə oldum.
Marketinq nədir, hansı suallar verilir
2x Academy
İxtisasla bağlı ən çox hansı suallar verilir?
Ən çox verilən suallar: marketinq nədir, özünü bu sahədə görə bilirsənmi, uğurlu ola biləcəksənmi, gələcəkdə peşman olmazsan? Düşünürəm ki, böyük bir peşmançılıq yaşamamışam, uğurlarım daha çoxdur.
Marketinq ingilis dilində market sözündən götürülmüş, bazar fəaliyyəti mənasındadır. Tələbələr çox vaxt sadəcə reklam və satış kimi anlayır. Əslində belə deyil. Marketinq müştəri ehtiyaclarını analiz edib onların istəyinə və tərzinə uyğun aparılan strategiyadır.
Universitetimizdə marketinq əsasən neyromarketinq bölümlü keçirilir. Bizə baza verilir, onun üzərində fikirlər irəli sürürük. Araşdırma qabiliyyəti günü-gündən artır, bazardakı tələbləri araşdırırıq.
Üç xüsusiyyət: innovativ, analitik, empatik
2x Academy
Bu ixtisas səni hansı cəhətdən inkişaf etdirdi?
Bir marketoloq üzərində üç xüsusiyyəti birləşdirməlidir:
- İnnovativ olmalıdır — yeniliyə açıq. Bazarda rəqabət günü-gündən artır. Marketinq daim yeniliyi sevən bir sahədir. Belə bir deyim var: riyaziyyatda 2 vur 2 dörd, marketinqdə 2 vur 2 dörd deyil, çünki hər zaman yenilənir.
- Analitik düşünmə — rəqəmlərlə və statistik göstəricilərlə işləməyi bacarmaq.
- Empatik olmaq — qarşıdakı müştərini və ya insanı daha yaxşı anlamaq, empatiya qurmaq bacarığı.
Bu üç xüsusiyyət olduqda uğurlu marketoloq olmaq mümkündür.
Praktik fayda və müəllimlərin dəstəyi
2x Academy
Praktiki faydası varmı?
Əlbəttə. İxtisasımı ilkin olaraq öz təhsil müəssisəmdə öyrənirəm və ordan öyrəndiyim bilikləri tətbiq etməyə çalışıram. Müəyyən təşkilatlarda aktivliyim bunun nəticəsidir.
Yeniliyə açıq, öyrənmək və oxumaq istəyən tələbələrə müəllimlər çox dəstək olur. Son layihəmizdə müəyyən müəllimlərdən məsləhət aldım. Elmi tədqiqat işləri ilə də məşğul oluram. İqtisad universitetində bir məqaləm qəbul olunmuşdu, müəllimimdən kiçik məsləhətlər almışdım, məsləhət yönümlü tövsiyələr verilmişdi.
Sosial həyat və yaranan dəyər
2x Academy
Universitet həyatın necə keçir?
Tələbəlik mənim üçün ən çox unudulmaz illərdən biri kimi davam edir. Tələbəlik həyatının məndə yaratdığı ən böyük dəyər sosiallaşmaq və yeni insanları tanımaq olub. Tələbəlik ən gözəl illərdən biridir, doya-doya yaşamağa dəyər.
Abituriyentə tövsiyələr: Linkedin və kitablar
2x Academy
Abituriyentlərə nə demək istəyirsən?
Daha çox nəyə marağı olanlarsa, o yöndə getsinlər. Əsas odur ki, istirahətlərinə vaxt ayırsınlar. Sadəcə ixtisas fənləri ilə kifayətlənməsinlər. Hər bir insanın özünə uyğun potensialı var, öz potensiallarını araşdırsınlar.
Marketinq və ya biznes yönündə gedənlər ətrafı analiz etsinlər. Marketinq bunu tələb edir. Müəyyən alətləri öyrənsinlər. Süni intellekt son dövrümüzün qlobal mövzularındandır, müəyyən sahələri əvəz etsə də insan əməyinə daha çox ehtiyac var.
Kitab oxusunlar, podkast dinləsinlər, uğurlu şəxslərin müsahibələrinə qulaq assınlar. Tövsiyə etdiyim kitablar:
- Napoleon Hill — Düşün və varlan
- Robert Kiyosaki — Varlı ata, kasıb ata
- Brian Tracy — Speak to win (Qazanmaq üçün danış)
Uğurlu sahibkar və biznesmenlərin atdıqları addımları izləsinlər. Bacarıqlarını, istedadlarını, potensiallarını gizlətməsinlər. Sosial şəbəkədə daim aktiv olmaq şərt deyil, amma LinkedIn hesabı olmalıdır. LinkedIn çox önəmli platformadır — orada iş təcrübələri, könüllü fəaliyyət, təcrübə proqramları qeyd olunur və uğurlu şəxslər qarşımıza çıxır, iş təklifləri alırıq.
Yenidən seçərdimmi
2x Academy
Abituriyent dövrünə qayıtsan?
Birmənalı olaraq marketinq ixtisasını yenidən seçərdim. Marketinq dinamik sahədir, yerində saymır. Öz üzərimdə işləmək, ixtisasımı sevməyimin nəticəsidir. Həqiqətən maraqlı bir sahədir, yenidən seçərdim.
Aysuna təşəkkür, oxuculara uğurlar.
Tez-tez verilən suallar
Marketinq əslində nədir, yalnız reklam və satışmı?
Aysun bildirir ki, marketinq sadəcə reklam və satışdan ibarət deyil. Marketinq müştəri ehtiyaclarını analiz edib onların istəyinə və tərzinə uyğun strategiya qurmaqdır. Bakı Biznes Universitetində bu sahə daha çox neyromarketinq bölməsi ilə birlikdə tədris olunur, tələbə verilən baza üzərində öz fikirlərini irəli sürür.
Bakı Biznes Universitetində imtahanlar necə keçirilir?
İmtahanlar bilet üzrə beş sualdan ibarət olur, ümumiyyətlə iki nəzəri və üç praktiki sual. Riyazi yönlü fənlərdə üç məsələ, iki nəzəri sual düşür. İstehlakçı davranışı və satışın həvəsləndirilməsi kimi ixtisas fənlərində keçilmiş alət və cədvəllər üzrə tapşırıqlar verilir. Oxuyan tələbə üçün çətinlik problem deyil.
Universitetin verdiyi təqaüd və mübadilə imkanları hansılardır?
Universitet ikili təqaüd proqramı çərçivəsində Avropa, Türkiyə, həmçinin Qazaxıstan və başqa ölkələrlə əməkdaşlıq edir, bir semestrlik xaricdə təhsil imkanı verir. Portuqaliya və Estoniya kimi ölkələrə yönləndirmə var. Beynəlxalq layihələrdə qalibiyyət, Azərsun Brend Boom yarışında final mərhələsində 10 komandadan dördünün BBU tələbəsi olması da nümunə kimi göstərilir.
Karyera mərkəzi nə kimi dəstək göstərir?
Karyera mərkəzi 100-dən çox şirkətlə əməkdaşlıq edir, il ərzində universitet daxilində iş yarmarkaları qurulur, vakansiya və təcrübə proqramları elan edilir. Aysun karyera mərkəzinin yönləndirməsi ilə Yelo Bankda iki ay təcrübə keçib.
Uğurlu marketoloq olmaq üçün hansı üç xüsusiyyət vacibdir?
Aysuna görə marketoloq innovativ, analitik düşünən və empatik olmalıdır. Marketinqdə 2 vur 2 dörd etmir, daim yenilik və yeni ideya tələb olunur. Analitik tərəfdə rəqəm və statistik göstəricilərlə işləmək, empatik tərəfdə müştərini anlamaq və onunla əlaqə qurmaq əsas götürülür.