Kimdir və harada oxuyur
2x Academy
Məhəmməd Əli, özünü qısa təqdim et.
Mən Məhəmməd Əli Ayralov. Bakı Mühəndislik Universitetində Kimya Mühəndisliyi, tədris ingilisi, dördüncü kurs tələbəsiyəm.
Bal, keçid balı və universitet seçimi
2x Academy
Hansı balla qəbul olmusan, keçid balı nə qədər idi?
2022-ci ildə qəbul olmuşam. Səhv etmirəmsə 592 bal yığmışam, həmin il keçid balı 398 idi. Bakı Mühəndislik Universitetinə düşmə səbəbim köhnə Qafqaz Universitetindən qalan kafedra müəllimlərini tanımağım və orda oxuyan tələbələrin tövsiyəsi olub.
Bəzən abituriyentlərdə olur ki, yüksək bal yığıb aşağı ballı yer yazmayım deyir. Bu tamamilə səhvdir. Əgər istədiyin ixtisas məhz A universitetində ən yaxşı tədris olunursa, o universitetə getməlisən. Yüksək bala görə başqa ixtisas seçmək abituriyentin gələcəyi üçün məhv edici qərar ola bilər.
Niyə kimya mühəndisliyi
2x Academy
Bu ixtisası niyə seçdin?
Yeddinci sinifdən kimya olimpiyadalarına qoşulurdum. Üçüncü qrup idim, tarixi sevirdim. Amma müəllim məni kimyadan olimpiyadaya yazdı və Respublika Fən Müsabiqəsində gümüş medal aldım. Ondan sonra fizika və riyaziyyatla daha yaxından tanış oldum.
Səkkizinci sinifdə Yusif müəllimin (hal-hazırda Texas Universitetində) kimya mühəndisliyi haqqında YouTube videosunu izlədim. Burda kimya, riyaziyyat, fizika və zərurət olanda biologiya birləşir. Elmi araşdırmadan proses mühəndisliyinə qədər müxtəlif sahələrə keçid mümkündür. Bu mənə çox maraqlı gəldi və ailəmə də izah etdim.
Kimya və kimya mühəndisliyi fərqi
2x Academy
İkisinin fərqini izah edə bilərsənmi?
Kimya daha çox kimya və biologiya yönümlüdür. Kimya mühəndisliyində isə fizika kimyadan da çox istifadə olunur. Biz dörd ildir riyaziyyat keçirik, üç il xətti cəbr, kalkulus, riyazi modelləşdirmə. Bu, müxtəlif elm sahələrinin harmoniyasıdır.
Alim araşdırır və faktı tapır, kimya mühəndisi isə həmin bilgini götürüb sənayenin, zavodun, şirkətin xeyrinə maddə halına gətirir. Məsələn, katalizatorları tanıyıram, amma sənayedə hər birini istifadə edə bilməzsən. Bahalı olanı, korroziya yaradanı, safety baxımından təhlükəlisi olur. Kimya mühəndisi həm biznesə, həm safetyə, həm proses dizaynına baxır.
Fənlər və ən sevdiyim dərs
2x Academy
Hansı dərslər ixtisasa uyğun gəlir?
İxtisas fənləri tam mühəndis kimi yetişməyə kömək edir. Ən sevdiyim termodinamika olmuşdu. Sonra chemical reaction engineering dərsi — Günel müəllim keçirdi — orda həm reaksiya mühəndisliyi, həm reaktor dizaynı keçdik. O dərsdən sonra özümü harda gördüyümü tam başa düşdüm. Riyaziyyat, fizika, kimya və mühəndislik birlikdə işləyirdi.
Separation dərsi neft-qaz proseslərinin əsasıdır. Kataliz və katalizatorlar üçüncü kursun ikinci semestrində çox maraqlı keçdi. Laboratoriyaya yönələcəklər üçün analitik kimya xüsusilə önəmlidir.
Müəllimlər və kafedra
2x Academy
Müəllimlərlə münasibətiniz necədir?
90% müəllimlərlə aram şəxsən yaxşıdır. Kimya Mühəndisliyi kafedrasının tələbələrlə əlaqəsi superdir. Ravan müəllim (Rəvan Rəhimov) Azərbaycanda tanınmış alimlərdəndir. Məni elmi araşdırmalara yönəldib, istənilən vaxt mesaj yaza, otağına gedib söhbət edə bilirəm.
Digər müəllimlər də həmişə açıqdır. Laboratoriyada könüllü işləmişəm, məqalə yazmaq istəyəndə kömək olublar. Biotexnologiya dərsində mövzu başa düşməyəndə müəllim imtahandan öncə bütün qrupa yenidən izah etmişdi.
Qrup və xarici tələbələr
2x Academy
Qrupunuzda neçə nəfərsiniz?
Səhv etmirəmsə 33 nəfərik. Bir nəfər xarici tələbədir, Anqoladan. Tədris ingilis dilində olsa da bəzən müəllimlər azərbaycanca danışa bilir, ona görə bəzi uşaqlar narahat olur. Mənim aram yaxşıdır.
İmtahanlar
2x Academy
İmtahanlar necə keçir?
İki dənə CDF (semestr daxili fəaliyyət), bir fərdi fəaliyyət (prezentasiya və ya laboratoriya reportu) və final olur. Final çox vaxt yazılı, beş açıq sual, məsələ və nəzəriyyə. Çətinlik semestr içində keçilənlərə uyğundur. Suallar verilir, müəllimlər rəqəm və üsul dəyişdirir, cavablar verilmir, məsələlər kitabdandır. Birinci kurs çətin olmadı, planlı olmağı tövsiyə edirəm.
Korpus və yol
2x Academy
Universitetiniz neçə korpusdan ibarətdir?
Əsas korpus, iqtisadiyyat korpusu, dillər korpusu, texnopark və yeni açılmış mühəndis korpusu var. İxtisas fənləri əsas korpusda keçilir. Universitet uzaqdadır, Xırdalanda kirayə qalmışam, beş dəqiqəlik avtobus yoludur.
İkili diplom proqramları: İnha Universiteti (Koreya) — birinci kursun yayı və dördüncü kursu tam Koreyada keçirirsən, iki diplom alırsan. Çox vaxt masterı da İnhada davam edir. Pekin Kimya Texnologiya Universiteti ilə də ikili diplom imzalanıb, bizim ixtisasdan tələbələr getmişdi. İnhada qəbul üçün 70% qəbul imtahan balı, 30% universitetin daxili imtahanı hesablanır.
Təcrübə və təqaüd
2x Academy
İxtisasa uyğun təcrübə imkanları çoxdurmu?
Çoxdur: SOCAR, STP, SLB, BP, Petkim (Türkiyə) yay proqramları, TRANIN proqramı. Amma rəqabət güclüdür — magistr tələbələri ilə üçüncü-dördüncü kurslar rəqabətdə uduzur. SOCAR Gənc Mütəxəssisdə 40 sualdan 32-33 doğru cavab az gəlir, keçid 36-37 olur. BP təqaüd proqramında beş-altı nəfər seçilir.
Tövsiyəm: əvvəl könüllü proqramları ilə CV doldurun. SOCARda könüllü olmuşdum, bu first step kimi işləyir. Bu məlumatları Telegram, WhatsApp qrupları, Instagram səhifələrindən izləmək olar.
Erasmus və İtaliya təcrübəsi
2x Academy
Erasmusla harda olmusan?
İkinci kursun ikinci semestrində İtaliya, Torino Politexnik Universitetinə getmişəm. Dərslərin italyan dilində olacağını öncədən bilirdim, ona görə birinci kursun yayından başlayaraq italyan dilini A2-B1 səviyyəsində öyrəndim. Universitetin beynəlxalq əlaqələr şöbəsinə sənəd təqdim etmişdim, eliminasiyadan keçdik, üç tələbə getdik — biri kimya mühəndisliyindən (mən), biri kompüter mühəndisliyindən, biri memarlıqdan.
Hal-hazırda Erasmus Azərbaycan üçün bağlanıb, könüllülük açıqdır. Bəzi universitetlərin öz mübadilə proqramları var — Bakı Neft Məktəbi, Xəzər, ADA belə proqramları olmalıdır.
Magistr və Politecnico
2x Academy
Magistrı harda oxuyacaqsan?
Dekabr ayında İtaliyanın mühəndislik sahəsində ən yaxşı universitetlərindən Politecnicoya kimya mühəndisliyi üzrə magistr qəbul olmuşam. Seçməyimin səbəbi həm prestij, həm də tracklər: biofarm, process design, energy and environment, research and development application for industry. Sonuncusu mənim tam marağımdır — araşdırmanı sənayedə tətbiq etmək.
Hal-hazırda noyabr ayında Journal of Molecular Liquids jurnalında müəllif olaraq məqaləm çıxıb. Əlavə iki elmi məqalə, altı tezisim var — İtaliya, Türkiyə, Azərbaycan və Çin konfranslarında çap olunub. Avropanın 20 ölkəsinin 50-ə yaxın şəhərində konfranslarda olmuşam.
Yönəldiyim sahə: MOF və Nobel 2025
2x Academy
Tam olaraq nə üzərində işləyirsən?
Material science, sənaye və laboratoriya yönümlü. Diplomum metal-organic frameworks (MOF) üzərinədir. 2025-ci ildə Omar Yaghinin qazandığı Nobel mükafatı mənə əlavə motivasiya verdi. Orda kimya mühəndisliyi, material mühəndisliyi, fizika, riyazi modelləşdirmə — hamısının cəmi var.
Əsasən MOFlər, karbon capture, riyazi simulyasiya, kimyəvi simulyasiya üzərində işləyirəm. Pythonla atomik simulyasiya edirik. CO2nin karbon və oksigen atomlarının üç ölçülü fazada koordinatlarını düzgün kodlamaq lazımdır.
Azərbaycanda hələ inkişafa ehtiyacı var. E-link kimi şirkətlər data scienceı tətbiq etməyə çalışır. Yeni elmi şura və güclü laboratoriya açılacağı deyilir, inanıram.
Abituriyentlərə son söz
2x Academy
Nə tövsiyə edərdin?
Kimya mühəndisliyi çox şaxəli ixtisasdır. Mühəndis olmaq istəyirsiniz, alim olmaq istəyirsiniz, akademik davam edəcəksiniz — sahənizi mümkün olduğu qədər tez qərar verin və onun üstündə düşün.
Bizim birinci kursda bioloji cihazlar, süni orqanlara yönəlmişdim. Çində süni qan hazırlandığını eşidəndə möcüzəvi gəlmişdi. Sonra alternativ enerji, günəş panelləri, fotovoltik panellərin modelləşdirilməsi — material sahələri məni indi tapdığım sahəyə yönəltdi.
Çoxları kimya mühəndisliyini sadəcə neft-qaz kimi görür. Əgər həqiqətən maraqlısansa, başa düşərəm, amma çox şaxəli seçim qarşındadır. Hamı bir yola gedir deyə getmək də doğru deyil — orda rəqabət olacaq.
Tələbə isə artıq qəbul olubsa, mümkün olduğu qədər hər şeyi təcrübə et, araşdır. İlk iki ilin dərslərindən daha çox oturub bu sahənin imkanlarını araşdır. Təkcə Azərbaycanda yox, xaricdə nələr olduğunu, dünyada nələr dönürünü bil. Dar yanaşma ən böyük xətadır.
Məhəmməd Əliyə təşəkkür, oxuculara uğurlar.
Tez-tez verilən suallar
Kimya mühəndisliyi ilə kimyanın fərqi nədir?
Kimya daha çox elmi tərəfə baxır, alim oturub araşdırır. Kimya mühəndisi həmin bilgini sənayedə, zavodda və ya şirkətdə tətbiq olunan üsula çevirir. Kimya mühəndisliyində kimya, fizika, riyaziyyat və mühəndislik harmoniyada işləyir, bəzən biologiya da əlavə olunur.
BMU-da kimya mühəndisliyinə hansı balla düşmək olur?
Məhəmməd Əli 2022-ci ildə 592 balla qəbul olub, həmin il keçid balı 398 idi. O yüksək balla aşağı keçid ballı ixtisası seçməyi səhv saymır, əksinə kafedranın müəllimlərini tanıdığı üçün BMU-nu özünə daha uyğun görüb.
Erasmus mübadilə proqramına necə düşmək olar?
Universitetin beynəlxalq əlaqələr şöbəsinə sənəd təqdim edilir, namizədlər arasında seçim olur. Məhəmməd Əli ikinci kursun ikinci semestrində İtaliyaya, Torino Politexnik Universitetinə getmişdir, italyan dilində dərslər keçmək üçün dili A2-B1 səviyyəsində öyrənib. Hal-hazırda Erasmus Azərbaycan üçün bağlanıb, könüllülük açıqdır.
Kimya mühəndisliyində hansı təcrübə və təqaüd imkanları var?
SOCAR Gənc Mütəxəssis, SLB, STP, BP təcrübə proqramları, Petkim yay proqramları və benzər imkanlar var. Rəqabət güclüdür, məsələn SOCAR imtahanında 40 sualdan 36-37 doğru cavab keçid sayılır. Məhəmməd Əli abituriyentlərə əvvəl könüllülüklə CV-ni doldurmağı tövsiyə edir.
Hansı sahələrdə kimya mühəndisi işləyə bilər?
Qida sənayesi, boya, tikinti, neft-qaz, proses mühəndisliyi, material elmləri, kataliz, araşdırma və laboratoriya, dərman və biotexnologiya sahələri var. Məhəmməd Əli özü material elmləri və metal-organic frameworkləri üzrə araşdırma aparır, 2025-ci il Nobel mükafatından sonra bu sahəyə daha çox yönəlib.